Thsil naziri Mikayıl Cabbarovun Azərbaycan Televiziyasının "Günün nəbzi" proqramına müsahibəsinin qısa xülasəsi (27.06.2013)

İyunun 27-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının "Günün nəbzi" proqramına müsahibə vermişdir. Televiziya ilə birbaşa yayımlanan müsahibəsində nazir təhsil sisteminin müxtəlif sahələri ilə bağlı aparıcının və ayrı-ayrı vətəndaşların suallarına cavab vermişdir. Müsahibə zamanı Mikayıl Cabbarov təhsil naziri kimi fəaliyyət göstərdiyi bu qısa müddət ərzində görülmüş işlərdən, qarşılaşdığı problemlərdən və onların həlli ilə bağlı qəbul edilmiş qərarlardan danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkədə çoxsaylı uğurlara imza atıldığını bildirən nazir təhsil sahəsinin də digər sahələrin bugünkü gündə əldə olunan uğurlarına uyğun səviyyəyə çatdırılması istiqamətində atılacaq addımlardan danışmışdır. Ölkənin son illər sürətli inkişafından, müasirləşməsindən söhbət açan nazir demişdir: "Dövlətimizin və xalqımızın qədimliyi ilə müasirliyinin gözəl bir sintezi əmələ gəlibdir. İstər Azərbaycanın iqtisadi sahəsində olan uğurları, istər regionlarımızın inkişafında olan nailiyyətlər, istər beynəlxalq səviyyədə dövlətin nüfuzunun tanınması və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi ali orqanına üzv seçilməsi və ən əyani olaraq, dünən keçirilən və yəqin ki, hər bir azərbaycanlının və hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan hərbi paradımızda göstərilən dövlətin gücü və nailiyyətləri təbii olaraq, bütün bu nailiyyətlər bizim üçün də çox yüksək bir standart müəyyənləşdirir".

Müsahibəsində nazir Azərbaycan Respublikasının təhsil sisteminin və təhsil infrastrukturunun dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılmasının ən mühüm vəzifələrindən biri olduğunu bildirmişdir.

Nazir təhsilimizin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: "Təhsil sistemi müstəqil Azərbaycan vətəndaşının ümumi dəyərlərini bölüşdürən bir vətəndaşı formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətli olan, peşəkar kompetensiyalara və biliklərə malik olan bir insanı, bir məhsulu yetişdirməlidir. Təhsilimiz bir tərəfdən milli olmalı, yəni vətəndaşlıq funksiyasına, vətəndaşın formalaşdırılmasına nail olmalı, digər tərəfdən, müasir dünyada labüd olan, beynəlxalq və peşəkar kompetensiyalara malik olan bir insan yetişdirməlidir".

Təhsil müəssisələrinin maddi-texniki bazası ilə bağlı sualı cavablandırarkən nazir qeyd etmişdir ki, ölkədə son illər ərzində 2500-dən çox məktəb yenidən tikilib və yaxud əsaslı şəkildə bərpa olunub. Bütün məktəblərdə kompüterləşdirmə proqramı, informasiya texnologiyaları fəal şəkildə tətbiq edilib: "Dövlət başçısı tərəfindən elan olunmuş qara qızılın insan kapitalına çevrilməsi siyasəti çərçivəsində hər bir Azərbaycan tələbəsi üçün dünyanın ən yaxşı aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı yaradılıb. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın bir çox bölgələrində, regionlarında, ucqar kəndlərində, hətta Bakının özündə də, əsaslı təmirə ehtiyacı olan təhsil ocaqlarımız hələ də mövcuddur. Demək olar ki, bu məsələnin böyük bir hissəsi həll olunubdur. Amma maddi-texniki baza dedikdə, biz tək binalarla, tikililərlə məhdudlaşa bilmərik. Məncə, bu məsələyə bir az geniş baxış olmalıdır. Təhsil müəssisələrimiz elmi baza üçün lazım olan avadanlıqlarla təmin edilməli, eyni zamanda, informasiya texnologiyaları, kompüterləşdirmə, "Elektron məktəb" layihələri həyata keçirilməlidir".

Jurnalistin, "Siz son günlər bir neçə məktəbin direktorunu işdən azad etmisiniz. Bunun səbəbi nə idi" sualına nazirin cavabı belə olub: "Nazirlikdə müvafiq qanunvericilik çərçivəsində Daxili nəzarət şöbəsi yaradılıb. Hər bir müraciət, şikayət, ərizə Nazirliyə daxil olan kimi tam şəkildə araşdırılır və ortaya çıxan faktlar əsasında müvafiq qərarlar qəbul edilir. Nazirlikdə fəaliyyət göstərən "Qaynar xətt" vasitəsilə, mənim regionlarda keçirdiyim və Bakı şəhərində, Təhsil Nazirliyində müvafiq əməkdaşlarımız tərəfindən keçirilən qəbullarda qaldırılan məsələlər, ərizələr də ciddi şəkildə araşdırılır. Burada biz təkcə orta məktəb direktorlarını əhatə etmirik. Cəza tədbirlərimiz internat məktəblərini, kollecləri, ümumilikdə, neqativ halların baş verdiyi bütün müəssisələrimizi əhatə edir. Məqsədimiz ondan ibarətdir ki, biz Azərbaycan Respublikasının məktəblərində cari təmir, qəzet abunəsi və bu kimi müxtəlif kreativ bəhanələrlə mənfi və biabırçı pul yığımı praktikasına son qoyaq. Bilmirəm bu necə adlandırılır, amma, bunu yəqin ki, qeyri-qanuni pul yığımı adlandırmaq lazımdır və bu kimi problem Azərbaycanda olmamalıdır. Bu yanaşma bizim üçün qəbulolunmazdır. Bu heç bir şəkildə bizim üçün dözülə bilən bir hal deyil. Bu tədbirlər bizim tərəfimizdən sona qədər də davam etdiriləcəkdir. Amma ümumilikdə səbəblərə gəldikdə, dediyim kimi, əksər hallarda görülən cəza tədbirlərimizin əsas səbəbi bundan ibarətdir. Bilirsiniz, attestatların verilməsi də bu səbəblərdən, deyək ki, biri idi".

Müsahibə zamanı nazir gələcəkdə bu tədbirlərin daha sərt şəkildə davam etdiriləcəyini bildirmiş və təhsil sistemində neqativ hallarla rastlaşan hər bir şəxsi bu məsələlərə qarşı barışmaz olmağa, müqavimət göstərməyə cağırmışdır: "Biz indiyə qədər əsasən intizam tədbirləri ilə məhdudlaşırdıqsa, gələcəkdə bu hallara yol verən insanların Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti məsələsini qaldırmaq niyyətindəyik. Biz əgər keyfiyyətli təhsildən danışırıqsa, Azərbaycan Respublikasının vətəndaşını formalaşdırmaqdan danışırıqsa, biz əgər övladlarımızın məktəblərdə tərbiyəsindən danışırıqsa, təbii olaraq, bu məsələlərdə tam açıq və şəffaf olmalıyıq. Belə hallar təhsil atmosferini, uşaqların mənəviyyatını pozur, qeyri-sağlam mühit yaradır. Mən istəyərdim ki, burada belə başa düşülməsin ki, bu problemdə tək bir günahkar tərəf var. Bizim hər birimiz həm valideynik, həm cəmiyyət üzvüyük. Belə hallarla rastlaşdığımız zaman hər birimiz müqavimət göstərməliyik".

Aparıcının, "Valideynlər məktəblərə hansısa formada kömək eləmək istəyirlərsə, müvafiq fondlar yaradırlarsa, bu məsələyə Sizin yanaşmanız necədir"  sualına da nazirin cavabı konkret olub: "Bu gün məktəblərimizdə valideyn komitələri, valideyn assosiasiyaları adlanan qurumlar var. Həmin qurumlar, yaxud, valideynlər bu və yaxud digər məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmayan, misal üçün, mədəni tədbirlərin qrup şəklində keçirilməsi, şagirdlərin asudə vaxtlarının təşkili və s. və bu kimi tədbirlər keçirə bilərlər. Təbii olaraq, belə hallar könüllü şəkildə həyata keçirilən fəaliyyət və təşəbbüslər olarsa, vətəndaş cəmiyyətinin və valideynlərin məktəbin həyatında iştirakı prosesini biz məhdudlaşdırmaq niyyətində deyilik. Amma bundan heç bir şəkildə bəhanə kimi, sui-istifadə etmək yolverilməzdir. Yəni biz bu məsələlərdə də tam şəffaflığın tərəfdarıyıq".

Attestatların verilməsi ilə bağlı bu il ölkə Prezidentinin atdığı addımları yüksək qiymətləndirən Mikayıl Cabbarov bildirmişdir ki, belə bir qərar qəbul etməklə, məzunlarımızı bu il bu cür problemlərdən azad etməklə cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu bir daha nümayiş etdirdi. Nazir qeyd etmişdir ki, məhz bunun nəticəsi olaraq, bu il orta məktəbi bitirən, 11-ci sinifdə yekun qiymətləri məqbul olan, buraxılış imtahan qiymətindən asılı olmayaraq hər bir kəs attestat, 9-cu sinfi bitirən şagirdlər isə şəhadətnamə alacaqlar. Yekun qiymətlər attestat və şəhadətnamədə əks olunacaq.

Müəllimlərin əməkhaqqı, müəllimlərin nüfuzunun yüksəldilməsi ilə bağlı sualı cavablandırarkən nazir demişdir: "Müəllimlərin əksəriyyəti xüsusi bir missiya daşıyıcısıdır. Həqiqətən, biz düşünmürük ki, müəllimlərin müəllim olmaq istəyinin yeganə səbəbi məhz maddi məvaciblə bağlıdır. Eyni zamanda bunu da vurğulamaq istəyirəm ki, müəllimlərin məvacibi, həyat səviyyəsi, rifahı məsələsi bugünkü gündə bizi tam şəkildə qane edən səviyyədə deyil. Amma çox mühüm və əhəmiyyətli olan məsələ odur ki, bu necə həyata keçirilməlidir. Bunun düzgün mexanizmi nədir, bugünkü gündə bütün müəllimlərin əməkhaqqının, məvaciblərinin, sosial təminatlarının avtomatik şəkildə artırılması kimi yanaşma bizim təhsilimizin keyfiyyətinə, müəllimlərin və müəllim olmaq istəyən insanların stimullaşmasına düzgün yanaşmadırmı? Yoxsa, biz burada daha kreativ, dünya təcrübəsinə daha uyğun bir yanaşma seçməliyik? Nəticəyəmi görə, biliyəmi görə? Bugünkü gündə bu məsələlər düzgün şəkildə müzakirə olunur. Təbii olaraq, müvafiq qərarların qəbul olunması üçün məsələni hərtərəfli araşdırmalıyıq".

Ali təhsil müəssisələrində adambaşına maliyyələşmə məsələsinə toxunan nazir bildirmişdir ki, bu metod ali təhsil sistemində artıq tətbiq olunur və növbəti tədris ilindən ali təhsil ocaqlarımız tam şəkildə adambaşı maliyyələşmə prinsipi ilə fəaliyyət göstərəcəklər. Təhsil nazirinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə dövlət, adambaşı təhsil üçün məbləği müəyyənləşdirdikdən sonra vətəndaşlara həmin məbləğdə kredit, yaxud müvafiq qiymətli kağız verir, onlarsa həmin vəsaiti istədiyi təyinatla - istər ali təhsil, istərsə də orta məktəb sistemində istifadə edirlər.

Jurnalistin, kurikulumun taleyi, dərsliklərin, dərs yükünün ağır olması ilə baglı suallarına isə nazirin cavabı belə olub: "Hər hansı bir köklü dəyişikliklərin tətbiqindən öncə bu məsələ ciddi araşdırılmalıdır. Biz bu məsələni araşdırırıq və bu məsələ ətrafında həqiqətən fikir müxtəlifliyi var. Bu qərar şagirdlərin maraqlarına daha çox cavab verən şəkildə qəbul olunacaqdır. Müasir dövrdə biz şagird hazırlayırıqsa, müəyyən səviyyə və biliklərə malik şagird hazırlamalıyıq. Bugünkü gündə dərsliyin hazırlanması metodologiyasında və texnologiyasında problemlər var. Yeni dərsliklər məktəblərə ən yaxşı hallarda sentyabrın əvvəllərində çatdırılır. Yəni fərz edək ki, bu il sentyabrın 15-də VI sinfə gedən uşaqların dərslikləri məktəblərə və müəllimlərə yalnız sentyabrın əvvəllərində çatdırılacaq. Gələn ildən başlayaraq bizim niyyətimiz ondan ibarətdir ki, bu dərsliklər bir il öncə hazırlansın və çatdırılsın".

Söhbət zamanı nazir hər bir şəxsin formalaşmasında ailənin, valideynlərin böyük rol oynadığını qeyd edərək, "Valideynlər bir çox hallarda övladlarının təhsilini yalnız məktəbin problemi, dövlətin vəzifəsi kimi görür. Valideynlər öz funksiyalarından heç bir şəkildə imtina etməməlidirlər", - deyib. Vətəndaşın formalaşmasında valideynlə məktəbin müştərək məsuliyyət daşıdıqlarını xatırladan nazir təhsilin ümumilikdə iki əsas aspektdən - bilik və tərbiyədən ibarət olduğunu xüsusi vurğulayıb.

Mikayıl Cabbarov orta məktəb siniflərinin komplektasiyası məsələsinə də toxunub. Onun sözlərinə görə, sinifdəki şagirdlərin optimal sayı problemi nazirlik tərəfindən araşdırılır və yaxın vaxtlarda öz həllini tapacaq. Eyni zamanda nazir qeyd edib ki, şagirdlərin optimal sayı problemi bir çox amillərə - tədris metodikası, tədris şəraiti, müəllimlərin bacarığı, qabiliyyəti və s. - bağlıdır və məsələnin həlli zamanı bütün bu faktorlar mütləq şəkildə nəzərə alınmalıdır.

Aparıcının inkişaf etmiş ölkələrin vahid imtahan təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri haqda sualına cavab verərkən Mikayıl Cabbarov qeyd edib ki, bu praktika heç də hər yerdə və hamılıqla tətbiq olunan deyil. Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, ali təhsil ocaqlarının da bilavasitə tələbə qəbulunda rolu kifayət qədər əhəmiyyətlidir. "Biz hamımız bilirik ki, bu gün Azərbaycan Respublikasının ali təhsil ocaqlarına qəbul sistemi çox effektiv və çox səmərəli bir sistemdir" - deyən nazir buraxılış imtahanları ilə ali təhsil məktəblərinə qəbul imtahanlarının birləşdirilməsi formalarının, bu prosesin incəliklərinin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.

Müsahibəsində nazir repetitorluqla bağlı məsələyə də toxunub: "İndi bizdə insanların əksəriyyəti düşünür ki, qəbul imtahanında yüksək nəticəni əldə etmək üçün repetitordan istifadə etmək zəruridir. Bizim bu məsələlər barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəhbərliyi ilə çox konstruktiv və pozitiv müzakirələrimiz artıq olubdur və məni sevindirən hal odur ki, bu məsələdə biz həmfikirik. Mənim üçün əhəmiyyətli olan məqam ondan ibarətdir ki, orta təhsilə və məktəbə mən ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən bir qurum kimi baxmaq istəmirəm və belə bir baxışı köklü şəkildə səhv hesab edirəm. Mən hesab edirəm ki, orta təhsilin məqsədi tam şəkildə müstəqil həyata hazır olan Azərbaycan Respublikasının vətəndaşını formalaşdırmaqdır". Mikayıl Cabbarov qeyd edib ki, bəzi valideynlərin orta məktəbin son siniflərinin proqramı əvəzinə övladlarını fərdi tədris proqramlarına yönəltmələri narahatedici tendensiyadır və bu tendensiyanın qarşısına bu ya da digər amillərin nəzərə alınması ilə sədd çəkmək üçün zəruri tədbirlər görüləcək.

Orta təhsilin bütövlüyü, fasiləsizliyi və ardıcıllığı problemlərindən danışan nazir həm də valideynlərin öz övladlarını bəzən təhsildən ümumiyyətlə məhrum etmələri məsələsinə də toxunub. Nazir deyib: "Burada ən böyük problem cəmiyyətimiz üçün ondan ibarətdir ki, valideyn bunu tam şəkildə anlamayaraq, uşağın həyatda olan imkanlarını məhdudlaşdırır". Mikayıl Cabbarov bu cür neqativ halların kütləvilikdən uzaq olduğunu vurğulasa da, bunlara qarşı barışmaz mövqe tutacağına söz verib: "...Çünki hər bir Azərbaycan vətəndaşının Konstitusiya ilə verilmiş təhsil haqqı var və biz o haqqı təmin etməliyik".

"Xaricdə təhsil proqramına münasibətiniz necədir və bu proqramla bağlı vəziyyət necədir" sualına nazirin cavabı konkret olub: "Mən xaricdə təhsil proqramı ilə istər bir nazir kimi, istərsə də vətəndaş kimi fəxr edirəm. Düşünürəm ki, bu proqram cənab Prezidentin hər bir azərbaycanlı üçün eyni imkanların yaradılmasının daha bir təzahürüdür. Təyinatımın ilk günündən mən söz vermişəm və bu gün də bunu vurğulayıram ki, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbəsinin qayğıları, ehtiyacları bizim diqqət mərkəzimizdə olacaqdır və mənim həmkarlarım və mən bunun üçün əlimizdən gələni eləyəcəyik".

Nazir peşə təhsili ilə bağlı verilən sualı da cavablandırıb. Bildirib ki, bu sistemin inkişafı biznes qurumları, işəgötürənlər, dövlət və özəl sektorla sıx əməkdaşlıqdadır. Deyilənlərə əyani misal olaraq Mikayıl Cabbarov Sumqayıt Sənaye Parkı müəssisələrinin kadr ehtiyaclarını ödəyəcək texniki-peşə təhsili qurumunun yaradılmasından danışıb. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata keçirilmiş həmin layihə bu sahədə reallaşdırılan dövlət siyasətinin ən bariz nümunələrindən biridir və digər sahələrdə, digər regionlarda da tətbiq olunmağa layiqdir.

Bölgələrdə vətəndaşların qəbulu, sorğuların cavablandırılması məsələlərindən danışan nazir, bu görüşlərdən razı qaldığını qeyd edib. Mikayıl Cabbarov belə görüşlər vasitəsilə, birbaşa ünsiyyət vasitəsilə təhsil sahəsinin qarşısında duran əsas çətinliklər, problemlər, eləcə də əldə olunmuş nailiyyətlər haqda bilavasitə yerindəcə məlumat aldığını və bunun bir dövlət məmuru kimi əsas funksiyalarından biri olduğunu nəzərə çarpdırıb.