Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevin modern.az saytına müsahibəsi (09.07.2015)

2014-cü ildə Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri əsasında fənn müəllimlərinin ixtisasartırma təlimi kurslarına cəlb edilməsi ilə bağlı Təhsil Nazirliyi yeni bir layihəyə start verib. Müəyyən hazırlıq işləri görüldükdən sonra layihənin həyata keçirilməsi reallaşdırılıb və ilk təlim kurslarında iştirak edən müəllimlər yekun imtahan veriblər.

 

- İxtisasartırma kurslarında təlim keçən müəllimlərin göstəriciləri hazırda necədir?

- Aparılan işin nəticəsi olaraq ixtisasartırma kurslarında iştirak edən müəllimlərin yekun qiymətləndirilməsi aparılıb. Sevindirci haldır ki,fənlər üzrə 90 faiz müəllim bilik və bacarıqlarını yaxşılaşdırmaq üçün ixtisasartırma kurslarında iştirak ediblər. Ən yüksək nəticə Azərbaycan dili və ədəbiyyat üzrə olub. Riyaziyyat, informatika, biologiya fənlərinin müəllimləri də seçilmiş proqramın 85-90 faizini mənimsəyiblər ki, bu da çox yaxşı göstəricidir. Qısa müddət ərzində müəllimlərin təkmilləşdirilməsi üçün bu önəmli modeldir və bu modelin gələcəkdə də tətbiq edilməsi nəzərdə tutulub. Üstünlüklərdən biri də budur ki, əvvəllər müəllimlər bu təlimlərdə iştirak etmək üçün bir mərkəzə gəlirdilərsə, hazırda Bakının müxtəlif yerlərində təlim mərkəzləri fəaliyyət göstərir və onlar o kurslarda iştirak edirlər. Bu, müəllimlərin vaxtına qənaət edilməsinə, yola sərf olunan vaxtın azalmasına və müəllimlərin öyrənməsini asanlaşdırır.

Gələcəkdə kurslara daha çox müəllimin gəlməyini gözləyirik. Müəllimlər diaqnostik qiymətləndirmə zamanı imtahanda pis nəticə göstərmələrini kurslarda iştirak etməklə aradan qaldıra bilərlər. Təlimlər müxtəlif cür olur. Elə müəllimlər var ki, fənn bilikləri olsa da, metodika ilə bağlı problemləri var və ya mürəkkəb məsələləri şagirdlərə izah etməkdə çətinlik çəkirlər . Bu təlimlər yalnız pis nəticə göstərən müəllimlər üçün deyil. Müəllimlər özünün göstəricilərinə uyğun təlimlərdə iştirak etməlidir. Növbəti mərhələdə yaxşı nəticə göstərən müəllimlər üçün müasir təhsil standartlarına uyğun təlimlər təşkil olunacaq. İlin sonuna qədər Bakı şəhərində 2400-ə yaxın müəllimi ixtisasartırmaya cəlb etməyi planlaşdırırıq. Çünki biz bu təlimlərdə qısa müddət ərzində daha çox bilik qazanılmasının şahidi oluruq.

 

Təlimlərə gəlməkdən çəkinən müəllimlər olur?
- Düzdür, bəzən müəllimlər hesab edir ki, bu kurslar onlar üçün hansısa təzyiq vasitəsidir və ya bu təlimlərə zəif müəllimlər gəlir. Təbii ki, bu doğru yanaşma deyil. Müəllimin məktəbdə işini, fəaliyyətini tənzimləyən bilik və bacarığıdır. Və dövlət tərəfindən heç bir ödəniş olmadan müəllimlər üçün belə bir şərait yaradılırsa, düşünürəm ki, müəllimlər bundan istifadə etməli, bilik və bacarıqlarını təkmilləşdirməlidirlər. Kurslara gəlmək üçün məcburiyyət yoxdur, amma müəlllimin fəaliyyətində bu nəzərə alınır. O mənadakı müəllim davamlı olaraq aşağı nəticə göstərirsə, bilik və bacarıqları müasir tələblərə cavab vermirsə və eyni zamanda təlimlərdə iştirak etməməsi yaxşı hal deyil. Bu cür uzun müddət davam edə bilməz. İlk növbədə müəllimin öyrənmə motivasiyası, istəyi önəmli məsələdir. İlkin mərhələdə Bakı şəhərində 360 müəllim belə təlimlərə qoşulub. Artıq 300-ə qədər müəllim təlimlərə yazılıb. Düşünürük ki, yay ayları isti olduğundan və məzuniyyət dövrünə təsadüf etdiyindən sentyabrdan başlayaraq müəllimlər daha intensiv şəkildə bu kurslara qoşulacaqlar. Kurslarda dərs 120 saatdır, bu təxminən 8-12 həftə çəkir. İlkin mərhələ may ayının ortalarından iyula qədər davam etdi. Təlimlərdə əsas məsələnin mahiyyətidir. Dərs deyən müəllim özünün harada boşluqlarını olduğunu bilir və o istiqamətdə biliklərini yeniləyir. Bu mərhələdə iki cür təlim tətbiq etdik. Birinci növ təlimdə daha çox fənn bilikləri, yenilənmiş kurrikulum, yeni dərsliklər, yeni yanaşmalar üzrə biliklər verildi. İkinci növ təlimdə müəyyən fənn biliklərində təkmilləşməyə ehtiyacı olmayan, amma müasir tədris metodları və metodik vəsaitləri ilə bağlı kurslar oldur. Keçən həftənin beşinci və bu həftənin birinci günü yekun qiymətləndirməni keçirmişik. Sevindirici hal odur ki, müəllimlərin göstəriciləri yaxşılaşıb. Bütün fənn müəllimlərinin biliklərində əsaslı dəyişiklər olub.

 

Hansı fənn müəllimləri bu təlimlərdə üstünlük təşkil edir?

-  Azərvbaycan dili-ədəbiyyat, ibtidai sinif, riyaziyyat müəllimləri daha çoxdur. Bu müəllimlərin həm say etibarı ilə, həm də saatları daha çox olduğu üçün üstünlük təşkil edirlər. Amma bütün fənlərdən müəllimlər təlimlərə cəlb olunub. Birinci mərhələdə azsyalı fransız dili, ingilis dili üzrə də təlimlərə başlamışıq. Çünki dil ixtisasartırmasının da öxünəməxsusluğu var və müəyyən mənada qısa müddətdə onun həyata keçirilməsi daha çətindir.

 

Yekun qiymətləndirmədə belə aşağı nəticə göstərn müəllimlərin aqibəti necə olacaq? Ümumiyyətlə həmin müəllim aşağı biliyə ilə şagirdə verəcəyi təhsil faydalı olacaqmı?

- Müəllim daim təkmilləşdirməyə ehtiyacı var və müəllimlərin bu və ya digər şəkildə fəaliyyəti izlənilir. Təbii ki uzun müddətdə fəlaiyyətini yerinə yetirə bilməyən müəllimlər qanunvericiliklə müəyyənləşdirilmiş şəkildə işdən uzaqlaşdırıla bilər. Amma bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş addımlar var, məsələn attestasiya. Birdən-birə də hansısa attestasiyanın tətbiqi də düzgün deyil. Biz başa düşməliyik ki, müstəqilliyimiz tarixində ilk dəfə sınaq qiymətləndirmə keçən il keçirildi. Birdən-birə müəllimlərin də üzərində düşmək düzgün olmazdı. Qiymətləndirmə də yeni bir mədəniyyətdir, yeni bir davranışdır. Nəzərə almalıyıq ki, uzun müddət ərzində müəllimlərin fəaliyyəti daha çox məktəb direktoru tərəfindən qiymətləndirilib və bunun hansısa sistemli, məqdsədləşdirilmiş forması müəyyən olunmayıb. Yalnız ötən il keçirilmiş diaqnostik qiymətləndirmə göstərir ki, belə bir tədbirlərin keçirilməsi müəllimlərin özündə böyük həvəs və motivasiya yaradır. Müəllimlər də başqaları kimi olmaq həvəsində olurlar və başlayırlar oxumağa və ya təlimlərə gəlməyə. Uzun müddətdə isə attestasiyanın keçirilməsi qaçınılmazdır vəbu təlimlər bir növ attestasiyaya hazırlıq xarakteri də daşıyır.

Çox az sayda müəllim var ki, onların bu və ya digər sahədə ciddi təkmilləşdirməyə ehtiyacı var və araşdırmalar göstərir ki, uzun müddət analıq məzuniyyətində olmuş qadınlar, uzun müddət bu və ya digər səbəbdən iş yerindən ayrılmış məllimlərdə ciddi boşluqlar olur. Yaşla əlaqədar problemlər də olur ki, müəllimin biliyi var, amma test imtahanında sırf texniki nöqteyi-nəzərdən çox aşağı bal toplayır və sistemdə çox aşağı bal yığmış müəllim kimi görünür. Amma biliyi yalnız faktorlardan biridir. Xüsusi idarəolunma, şagirdlərə nümunə olma bacarığı, müəllimin daşıdığı dəyərlər də önəmlidir. Bunları isə belə imtahanlarda deyil, dərs izləmələrində ölçmək mümkündür. Nazirlik tərəfindən müəllimlərin biliklərinin qiymətləndirilməsi üçün daha müfəssəl sistem hazırlanır.