Sual: Bu sistemin tətbiqində  hansı problemlərlə qarşılaşırsınız?

Cavab: De-institutlaşma prosesini uğurla keçmiş ölkələrdə uşaqların müdafiəsi sahəsində əsas aparıcı işçi qüvvəsi sosial işçilər hesab olunur. Sosial işçi - çətin həyat şəraitində olan ailələr və uşaqların sosial-psixoloji reabilitasiya və inteqrasiyasını həyata keçirməklə onların problemlərinin həlli ilə bağlı peşəkarcasına yardım göstərən şəxsdir.

İnkişaf etmiş Avropa ölkələrində de-institusionalizasiya ilə bağlı aparılmış islahatlar zamanı ilkin olaraq uşaqlara yönələn alternativ xidmətlər yaradılmağa başlanılmışdır. Xidmətlər təşkil edilmiş və sosial işçilər tərəfindən çətin vəziyyətdə olan ailələrin uşaqları bu xidmətlərə cəlb edildikcə dövlət uşaq müəssisələrinə düşən uşaqların sayı nəzərə çarpacaq dərəcədə azalmış və bunun nəticəsində müəssisələrin sayı azalmış, əksər ölkələrdə isə bu tip müəssisələr dövlət uşaq müəssisələri kimi fəaliyyətlərini dayandırmışdır.

Dövlət Proqramının icrası olaraq təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması ilə bağlı 2010-2011-ci tədris ilindən etibarən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə kurs açılmışdır. Bu günədək internat məktəblərində işləyən 32 tərbiyəçi-müəllim bu kursa cəlb olunmuşdur. Ölkədə sosial işçilərin sayının artması ilə çətin həyat şəraitində olan ailələrin vaxtında aşkarlanması, onların problemlərinə kompleks yanaşma, müvafiq dəstəyin göstərilməsi və alternativ xidmətlərin yaranması nəticəsində müəssisələrə düşən uşaqların sayı azalacaqdır.