Sual: De-institutlaşma sistemi necə tətbiq olunur?

Cavab:De-institutlaşma prosesi ölkədə uşaqların müdafiəsi sahəsində həyata keçirilən yeni bir islahatdır və dövlət uşaq müəssisələri sisteminin alternativ qayğı sistemi ilə əvəz edilməsi prosesini nəzərdə tutur.

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrində keçirilmiş sorğuların nəticələrinə əsasən hazırlanmış və hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq 13 internat məktəbi transformasiya olunaraq ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara çevrilmişdir.

Bununla yanaşı, dövlət uşaq müəssisələrinin nəzdində günərzi və reabilitasiya-inkişaf mərkəzləri yaradılmış və hazırda fəaliyyət göstərir.

10 nəfər uşaq üçün tikilib istifadəyə verilmiş 1 nömrəli Ailə tipli kiçik qrup evi Azərbaycan Respublikası Nazilər Kabinetinin 2013-cü il 06 sentyabr tarixli 250 nömrəli qərarı ilə Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla yanaşı “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Təhsil Nazirliyi tərəfindən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir.

Dövlət Proqramının Tədbirlər Planının 9-cu bəndinin icrası olaraq uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, habelə uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 589 nəfər uşağın, 2013-cü ildə isə 34 nəfər uşağın dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısı alınmışdır.

Dövlət Proqramının icrası olaraq 309 nəfər uşağın və onların bioloji ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilmişdir. 309 nəfər uşaqdan öz bioloji ailəsinin və ya yaxın qohumlarının himayəsinə qaytarılması mümkün olan 150 nəfər uşağa fərdi plan hazırlanmışdır. Rayonlara səfərlər edilərək Rayon İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələsinə baxılmışdır. Uşağın bioloji valideynin və ya onu əvəz edən şəxsin, həmçinin yaxın qohumlarının iştirakı ilə keçirilən iclaslarda komissiyanın üzvü olan digər yerli icra strukturlarının məsul nümayəndələri tərəfindən ailənin probleminin həllinə müvafiq köməklik göstərirlər. Aparılan məqsədyönlü işlərin nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə bu müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılmışdır. Həmin uşaqların vəziyyətinin mütəmadi monitorinqi və Təhsil Nazirliyinə məlumatın verilməsi ilə bağlı rayon icra hakimiyyətlərinə məktub ünvanlanmışdır.

2008-ci ildə 4055 nəfər uşaq dövlət müəssisələrində gecələyirdisə, onların sayı azalaraq hazırda 3470 nəfər təşkil edir.