Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Cavab:   Hazırda ölkə üzrə 43 ümumi təhsil müəssisəsi “Elektron məktəb” layihəsinə cəlb olunub. Layihənin məqsədi informasiya-kommunikasiya texnologiyalarının təhsil sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər təhsil müəssisələrində tətbiqidir. “Elektron məktəb” layihəsinə cəlb olunan ümumtəhsil məktəbləri Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şamaxı, Quba, Tovuz, Ağdaş və Ağstafada yerləşir.

“Elektron məktəb” layihəsi çərçivəsində seçilmiş təhsil müəssisələrində vahid informasiya mühiti yaradılıb, təhsil müəssisələri zəruri avadanlıqlar, proqram təminatı ilə təmin edilib, kadrların (inzibati, pedaqoji, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görülüb. Bununla yanaşı, təhsil müəssisələri fiber-optik kabel vasitəsi ilə Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxışla təmin edilib.

Eyni zamanda “Elektron məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir.