Sual: Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi haqqında məlumat verilməsini xahiş edirik.

Cavab: İnternat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. İnternat məktəbi “Uşaq evləri və internat məktəblərinin İnkişafı Proqramı” çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə yenidən bərpa edilmiş, müasir avadanlıqla təmin edilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində 260 nəfər gözdən əlil və zəifgörən şagird təhsil alır. Onlardan 70 nəfəri qız, 190 nəfəri isə oğlandır. Son 3 ildə internat məktəbinə daxil olan şagirdlərin sayı aşağıda qeyd olunan kimidir:

2011-2012-ci tədris ili üzrə- 31 nəfər

2012-2013-cü tədris ili üzrə- 22 nəfər

2013-2014-cü tədris ili üzrə- 28 nəfər

Bildiririk ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən internat məktəblərində yaşayıb təlim-tərbiyə alan şagirdlər tam dövlət təminatındadırlar. 15.09.2013-cü il tarixindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılmışdır.

Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilmişdir. Bundan əlavə, qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilmişdir.

Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir.İnternat məktəbində dəuşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili və yemək çeşidlərinin müxtəlifliyi uşaqlara seçim imkanları yaratmışdır.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin nəzdində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan gözdən əlil və zəifgörən uşaqlar üçün musiqi məktəbi fəaliyyət göstərir. İnternat məktəbinin 187 nəfər şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka sinifləri fəaliyyət göstərir.

İnternat məktəbini bitirən məzunlar ali və orta ixtisas təhsili müəssisələrinə yüksək nəticələrlə qəbul olmuşlar. Belə ki, 2010-cu ildə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 11 nəfər şagirdi ali, 8 nəfər şagirdi kollec və 3 nəfər şagirdi isə orta ixtisas təhsil müəssisələrinə, 2011-ci ildə 11-ci sinfi bitirən məzunlar arasından 7 nəfər şagird ali, 3 nəfər şagird kollecə, 2012-ci ildə 6 nəfər şagird ali, 4 nəfər şagird kollecə və 2013-cü ildə 9 nəfər şagird ali, 4 nəfər şagird isə kollecə qəbul olmuşdur.

Qolbol üzrə Azərbaycan milli komandasının 7 nəfər üzvü sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin şagirdləridir. Milli komanda 2 dəfə Avropa çempionatında, 3 dəfə beynəlxalq yarış və turnirlərdə iştirak etmişlər. Hazırda milli komanda 2016-cı ilə Braziliya Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün məşq edirlər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində mətbəə yaradılmışdır ki, burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir. Eyni zamanda internat məktəbi Almaniyadan gətirilmiş xüsusi kompüter dəsti ilə təchiz edilmişdir.