Sual: Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?

Cavab: Bəli. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Sual: Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?

Cavab: Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

Sual:Evdə təhsil necə təşkil olunur?

Cavab: Evdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun təşkil edilir. Hər bir rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) nəzdində Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud və xəstəliyi “Evdə təhsil almaq hüququ verən xəstəliklər”ə aid olan şagirdlər həmin komissiyanın qərarı ilə evdə təhsilə cəlb olunurlar.

Sual:Dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün hansı güzəştlər nəzərdə tutulur?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli və 15.08.2014-cü il tarixli 279 nömrəli Qərarlarına əsasən dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində (kənd rayonlarında yerləşən) əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulub. 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilməsi nəzərdə tutulub.

Sual:Xaricdə təhsil üzrə yeni Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulurmu?

Cavab: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ötən il başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanıb və hazırda həmin proqramla bağlı qurumlararası müvafiq məsləhətləşmələr aparılmaqdadır.

Proqram qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

 

Sual:Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsində məqsəd nədir? Ötən il diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilibmi?

Cavab: Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

İlk dəfə Bakı şəhərində keçirilən diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər müvafiq təlimlərə cəlb edilib. Təlimlər bitdikdən sonra həmin kontingent yenidən imtahan verib və yüksək nəticə göstərib.

Sual:Bu il müəllimlərin işə qəbulu üzrə imtahanlar nə vaxt keçiriləcək? Vakant yerlərin sayı müəyyənləşdirilibmi?

Cavab: Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə müsabiqələr hər il olduğu kimi, bu il də tədris ilinin sonu keçiriləcəkdir.

Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər haqqında məlumatlar hər tədris ilinin sonunda Təhsil Nazirliyinə təqdim olunur.

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Cavab:   Hazırda ölkə üzrə 43 ümumi təhsil müəssisəsi “Elektron məktəb” layihəsinə cəlb olunub. Layihənin məqsədi informasiya-kommunikasiya texnologiyalarının təhsil sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər təhsil müəssisələrində tətbiqidir. “Elektron məktəb” layihəsinə cəlb olunan ümumtəhsil məktəbləri Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şamaxı, Quba, Tovuz, Ağdaş və Ağstafada yerləşir.

“Elektron məktəb” layihəsi çərçivəsində seçilmiş təhsil müəssisələrində vahid informasiya mühiti yaradılıb, təhsil müəssisələri zəruri avadanlıqlar, proqram təminatı ilə təmin edilib, kadrların (inzibati, pedaqoji, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görülüb. Bununla yanaşı, təhsil müəssisələri fiber-optik kabel vasitəsi ilə Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxışla təmin edilib.

Eyni zamanda “Elektron məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir.

Sual: 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri nə vaxt keçiriləcək?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcəkdir.

Sual: Əgər tələbənin oxuduğu əyani ixtisasın qiyabisi yoxdursa və tələbə üzrlü səbəblərdən təhsil formasını qiyabi davam etdirmək istəyərsə, bu mümkündürmü? Nəzərə alaq ki, tələbə birinci kursu müvəffəqiyyətlə başa vurub. Bu zaman vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?

Cavab: Əgər tələbə əsaslı səbəblərdən təhsilini əyani şöbədə davam etdirə bilmirsə və oxuduğu ixtisas üzrə qiyabi təhsilalma forması yoxdursa, o, uyğun ixtisasa köçürülə bilər. Bu zaman o, köçürülmə səbəblərini təsdiq edən sənəd, akademik arayış (transkript) və ərizə ilə köçürülmək istədiyi ali təhsil müəssisəsinin tabeliyində olduğu mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir.

 

Sual: İlk peşə-ixtisas təhsili müəssisələrində hansı dərslər tədris edilir?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və pilləsi (kurikulumu)”nə əsasən ilk peşə-ixtisas təhsili pilləsində tədris olunan fənlər aşağıdakılardır:

- ümumtəhsil fənləri;

- informasiya-kommunikasiya texnologiyaları;

- peşə-ixtisas fənləri (nəzəri);

- istehsalat təlimi və istehsalat təcrübəsi.

 Dərsdən kənar məşğələlər:

- fakültativ;

- fərdi və qrup məşğələləri.

 

Sual: İlk peşə-ixtisas təhsili üzrə ən çox hansı ixtisaslara meyl var?

Cavab: Ən çox “Əməliyyatçı-mühasib”,“Aşpaz”, “Dərzi”, “Kompüter operatoru”, “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Elektrik qaz qaynaqısı”, “Traktorçu-maşinist”, “Bərbər-manikürçü”, “Avtomobillərin təmiri çilingəri”, “Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisaslarına maraq var.

Sual: Bu müəssisələrdə təhsil müddəti neçə ildir?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və

proqramı (kurikulum)”na əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində bölmələr üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti 6 ay, 1 il, 2 il və 3 il müəyyənləşdirilir:

Tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti – 1 il;

 Ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda təhsil müddəti – 3 il;

Ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq – 1-2 il;

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikumlarının) yerinə yetirilməsi müddəti”nə uyğun olaraq, ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün, işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

Sual: Aqraryönümlü orta ixtisas təhsili müəssisələrini bitirənlərin işlə təmin olunması nə yerdədir?

Cavab:Hazırda bir sıra orta ixtisas təhsili müəssisələrində - Tovuz Dövlət Sosial İqtisad Kolleci, Quba Dövlət Sosial İqtisad Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci, Gəncə Texniki Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Meşə və meşə park təsərrüfatı”, “Aqronomluq”, “Aqrar (fermer) təsərrüfatının təşkili”, “Yer quruluşu və torpaq müfəttişliyi”, “Balıqçılıq”, “Baytarlıq” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrini bitirənlər işlə təmin olunurlar.

 

Sual: Krımda təhsil alan azərbaycanlı tələbələrin diplomu Azərbaycan tərəfindən tanınacaqmı?

Cavab: Təhsil sənədlərinin tanınması dövlətlərarası sazişlərlə tənzimlənir.