Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Hazırda respublikada 100 mindən çox uşağı əhatə edən 1604 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nda nəzərdə tutulmuş tədbirlərin icrasını sürətləndirmək məqsədi ilə

 

QƏRARA ALIRAM:

 

1. Ölkədə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.



İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.